SİYASƏT
Həmvətənimizin “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” kitabının ikinci cildi çap olunub
Kiyev, 20 aprel, AZƏRTAC
Kiyevdə yaşayan həmvətənimiz, hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyevin “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” kitabının ikinci cildi Xarkov şəhərinin “Fakt” nəşriyyatında çap olunub.
Tanınmış alimin yeni kitabı onun çoxillik ciddi araşdırmalarının bəhrəsidir. Arif Quliyevin bu, eləcə də əvvəlki əsərləri qoyulan problemlərin dəqiqliyi, elmi təhlilin dərinliyi və dolğunluğu ilə fərqlənir.
A.Quliyevin müəllif üslubu tədqiq olunan problemlərin mahiyyətinin əhatəli təhlili və ona dərindən nüfuz etməsi ilə xarakterizə olunur. Elmi işlər toplusunun işıq üzü görməsi professorun vətənpərvərliyini və tarixi vətəninə dərin hörmətini təsdiqləyir. Kitabda, həmçinin Ukraynada baş verənlərə müəllifin ürək ağrısı da əksini tapıb.
Professorun elmi toplusu müasir beynəlxalq hüququn tərkib hissəsi kimi xarici münasibətlərin hüquqi tərkib hissələri ilə bağlı sistemləşdirilmiş bilikləri daha da dərinləşdirir.
Kitab beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində çalışanlar, habelə ali məktəb müəllimləri, beynəlxalq hüquqşünaslar, diplomatlar üçün faydalı mənbə olacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev