SİYASƏT
Həmvətənimizin kitabı ən yaxşı dərslik üçün keçirilmiş Ümumukrayna müsabiqəsində üçüncü yeri tutub
Kiyev, 5 dekabr, AZƏRTAC
Həmvətənimiz, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevin “Xarici əlaqələr hüququ” adlı kitabı 2014-cü ildə ən yaxşı dərslik, vəsait və monoqrafiya üçün keçirilmiş Ümumukrayna müsabiqəsində üçüncü yeri tutub. Dərslikdə xarici siyasət idarələrinin təkamülünün, qloballaşma şəraitində xarici əlaqələr orqanlarInIn üzərinə düşən vəzifə və funksiyaların səciyyəvi xüsusiyyətləri nəzərdən keçirilir. Diplomatik ənənələrə, qəbul olunmuş ümumi beynəlxalq hüquq normalarına söykənən diplomatik nümayəndəliklərin işinin əsas istiqamətlərinin, növlərinin və qaydalarının təşəkkülü də öz əksini tapıb. Azərbaycan və Ukrayna diplomatiyasının beynəlxalq aləmə çıxması və beynəlxalq fəaliyyətdə yaxından iştirakı ilə əlaqədar məsələlərə, habelə xarici siyasət xəttinin yeridilməsində profil idarələrin əlaqələndiricilik roluna xüsusi diqqət yetirilir.
Qeyd edək ki, bu vəsait Ukraynanın Təhsil və Elm Nazirliyi tərəfindən ölkənin profil ali məktəblərinin tələbələri üçün dərs vəsaiti kimi tövsiyə edilib.
Professor Arif Quliyev AZƏRTAC-a bildirib ki, hazırda o, Bakıya səfərə, Azərbaycan alimlərinin dekabrın 19-da keçiriləcək I qurultayına ciddi hazırlaşır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev