SİYASƏT
Həmyerlimiz Sankt-Peterburq Şəhər Dumasına deputat seçilib
Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən həmyerlimiz, “Vahid Rusiya” Partiyasının üzvü Elşən Həmzəyev Sankt-Peterburq Şəhər Dumasına deputat seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan E.Həmzəyev erməni rəqibi Sergey Minasyana asanlıqla qalib gəlib.
1972-ci ildə Astarada doğulan E.Həmzəyev orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. O, əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya İnstitutunu bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.
İyirmi beş ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan “Savalan” şirkətlər qrupunun rəhbəridir. O, həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq və Lenin regionunda səlahiyyətli nümayəndəsidir.