CƏMİYYƏT


Həmyerlimiz nadir avtomobili ilə festivala qatılıb VİDEO

A+ A

Vyana, 27 avqust, AZƏRTAC

Avqustun 27-də Vyanada retro avtomobillərin festivalı başlayıb. İki gün davam edən “Vyana klassika günləri” adlı festivalda müxtəlif dövrlərə aid 250-dən artıq avtomobil iştirak edir. Festivalda adı hər birimizə tanış olan avtomobil markaları ilə yanaşı, istehsalı hələ İkinci Dünya müharibəsindən əvvəl dayandırılmış bir çox avtomobil markalarına, bir sözlə təkərlər üzərində “muzey”lərə rast gəlmək mümkündür.

Vyanada sayca 16-cı dəfə təşkil olunan festival avtomobil həvəskarlarına bir əsrdən çox yaşı olan avtomobil sənayesinin müxtəlif dövrlərini əks etdirən əfsanəvi modelləri təqdim etməklə yanaşı, qısa müddət ərzində açıq səma altında tamaşaçılara əsl muzey təəssüratı yaratmaqdır. Festival çərçivəsində təşkil olunan müsabiqədə isə avtomobillərin texniki göstəriciləri, onların saz vəziyyətdə olması və müvafiq məsafələri əvvəlcədən təyin edilmiş zaman çərçivəsində qət etməsi yoxlanılır. Günün sonunda isə avtomobillər şəhərin mərkəzi küçələri ilə hərəkət edərək, parada çıxırlar. Nostalgiya və emosiyaların hakim kəsildiyi parada hər il on minlərlə şəhər sakini və turistlər böyük maraqla tamaşa edir.

İlk dəfədir ki, bu festivalda Vyanada yaşayan həmyerlimiz, retro avtomobillər həvəskarı Ramiz Mirzəyev də iştirak edib. O, festivala 1922-ci ilin istehsalı olan “Dort” markalı avtomobillə qatılıb.

İxtisasına görə aviasiya sahəsində çalışan Ramiz Mirzəyev hələ uşaqlıqdan avtomobillərə həvəs göstərib, hətta 16 yaşlı yeniyetmə olarkən müxtəlif ehtiyat hissələrindən iki yerlik avtomobil də düzəldib. Bu istək onu heç zaman tərk etməyib və Ramiz Mirzəyev həmişə yenidən təmir edilərək istifadəyə yararlı hala gətirilməsi mümkün olan qeyri-adi retro avtomobil axtarışında olub. Belə bir avtomobili 2010-cu ildə əldə edən Ramiz Mirzəyev uzun zəhmətdən sonra bütün detallarını orijinal vəziyyətdə saxlamaqla, 1922-ci ildə ABŞ-da istehsal olunmuş dörd yerlik “Dort” markalı avtomobili yenidən “həyata” qaytara bilib. Bu il mayın 1-də isə o, bu retro avtomobillə ilk dəfə şəhər gəzintisinə çıxıb.

Ramiz Mirzəyev AZƏRTAC-a müsahibədə bildirib ki, cəmi 26 min ədəd buraxılmış “Dort” markalı avtomobil modelindən hazırda dünyada işlək vəziyyətdə olan cəmi 3 nümunə mövcuddur. Onlardan ikisi həmin avtomobilin vətəni ABŞ-da olsa da, Ramiz Mirzəyevin sahibi olduğu nüsxə isə Avropada yeganədir. 1915-1924-cü illər ərzində 100 mindən çox avtomobil istehsal edən “Dort Motor Car Company” sonra “Chevrolet” şirkəti tərəfindən alındı və öz adı ilə avtomobil istehsalını dayandırdı. Öz dövrü üçün bir sıra innovativ üstünlüklərə malik olan avtomobildə ilk dəfə sürət sabitləşdirici texnologiya da tətbiq olunub. 4 silindrli mühərriklə təchiz olunmuş avtomobil 22 at gücünə sahibdir və saatda 60 km sürətlə hərəkət edə bilir.

Ramiz Mirzəyev qeyd edib ki, festival iştirakçıları onun haralı olması ilə maraqlananda böyük məmnuniyyətlə və qürurla vətəni Azərbaycan haqda məlumat verir. Həmyerlimiz Azərbaycan bayrağının dalğalandığı retro avtomobillə yaxın müddətdə digər Avropa ölkələrində təşkil olunan festivallara da qatılmaq niyyətindədir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.