MƏDƏNİYYƏT


Həmyerlimizin əsəri Nyu-York konfransında

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Yazıçıların 2016-cı il Nyu-York Beynəlxalq Konfransı başa çatıb. Dünya ədəbiyyatının ən böyük hadisələrindən hesab edilən konfransın pitçinq siyahısına yazıçı-publisist Varis Yolçuyevin əsəri də daxil edilib.

Varis Yolçuyev AZƏRTAC-a bildirib ki, müasir dünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə də yazıçı ilə ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən, rəsmən “Writer`s Digest Annual Conference” adlanan bu konfrans Nyu-Yorkun “Hilton Midtown” otelinin konfrans zalını bir neçə gün ərzində əsl ədəbiyyat aurasına bürüyüb. Burada Matyu Kuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimi tanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən “Tarixi roman üçün tədqiqat”, “Dinamik xarakterlərin yaradılması”, “Uğurlu müəllif olmağın sirləri”, “Dram janrı müasir dönəmdə”, “Horror və detektiv ədəbiyyatı bu gün” mövzusunda maraqlı seminarlar, habelə “Müəlliflər üçün marketinq strategiyası” adlı təlim keçirilib.

Konfrans çərçivəsində diqqətçəkən məqam isə pitçinq – uğur qazanacağı ehtimal edilən nəsr əsərlərinin ədəbi agentlər və redaktorlar üçün təqdimatı olub. Bu il ilk dəfə Nyu-York Beynəlxalq Konfransının pitçinq siyahısına MDB məkanını təmsil edən yazıçıların da əsərləri daxil edilib: Aleksandr Qritsenko, Andrey Aksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili, Viktoriya Balaşova və Varis Yolçuyev.

Qeyd edək ki, Amerika ədəbi agentlərinə və redaktorlarına Varisin Bakıda və İstanbulda çap edilən, Moskvada çapa hazırlanan “Yetmiş yeddinci gün” romanı təqdim edilib.

Pitçinq hüququ əldə edən bütün sinopsislər konfransın rəsmi kataloquna salınaraq daha geniş ərazidə yayılmaq imkanı qazanır. Konfransın MDB üzrə agenti Lin Menkenin sözlərinə görə, MDB ölkələrindən olan yazarların əsərləri fərqli təəssürat axtaran Amerika ədəbi agentlərinin və redaktorlarının böyük marağına səbəb olub.

Xatırladaq ki, Varisin Amerikada debütü ötən il baş tutub, “Metamorfoz” romanı nəşriyyat hesabına çap edilərək satış şəbəkəsinə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.