SİYASƏT


Henri Kissencer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşüb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət xadimi, siyasətçi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş "Appeal of Concience" Fondunun prezidenti Rabbi Artur Schneier tərəfindən Fransa Prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafət çərçivəsində baş tutub.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya və Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.

Söhbət zamanı Henri Kissencerə təşkilatın fəaliyyəti və V Qlobal Bakı Forumu barədə məlumat verilib, Forumun əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, Qlobal Bakı Forumu artıq dünyanı və Avropanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu platformaya çevrilib. Forumun ölkələr və mədəniyyətlər arasında əməkdaşlıq, həmçinin əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Henri Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissencer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin Xalq Respublikası ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb. H.Kissencer hazırda "Kissenger Associates" beynəlxalq konsaltinq firmasının rəhbəridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.