CƏMİYYƏT


Hepatit C əleyhinə yeni dərmanın səmərəliliyi 95 faizdən çoxdur

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Aşağı və orta gəlirli ölkələrdə bir milyondan çox adam yeni dərman sayəsində hepatit C-dən müvəffəqiyyətlə müalicə olunub. Cəmi iki il əvvəl həkimlərin sərəncamına verilən bu preparat artıq öz səmərəliliyini sübut edib.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, hepatit C-nin müalicəsi üçün birbaşa antivirus təsirli preparatın istifadəsinə ilk dəfə 2013-cü ildə icazə verilib. Amma sonradan məlum olub ki, çox bahalı olduğu üçün bu dərman xroniki hepatit C infeksiyasından əziyyət çəkən 80 milyon insan üçün əlçatmazdır.

Problemin həllinə Dünya Səhiyyə Təşkilatı (DST) qoşulub və gəlir səviyyəsi yüksək olmayan ölkələr üçün dərmanın xərcini azaltmağa kömək edib.

Hazırda bu təsirli preparat bir sıra aşağı və orta gəlirli ölkələrdə, o cümlədən Argentina, Braziliya, Misir, Gürcüstan, İndoneziya, Mərakeş, Nigeriya, Pakistan, Filippin, Rumıniya, Ruanda, Tailand və Ukraynada həkimlərin sərəncamındadır.

Yeni preparatın səmərəliliyi 95 faizdən çoxdur. Əvvəlki vasitələrlə müqayisədə bu dərmanın yan təsirləri daha azdır. Həkimlərin fikrincə, onun köməyi ilə xəstə üç ay ərzində tam sağala bilər.

DST-nin hepatit üzrə qlobal proqramı departamentinin direktoru Qotfrid Hirnşal bildirib ki, hepatit C-nin müalicəsi imkanlarından istifadənin asanlaşdırılması DST-nin prioritetlərindən biridir. O, məmnunluqla qeyd edib ki, bu dərmanın tətbiq edildiyi ölkələrdə hepatit əleyhinə mübarizədə ciddi irəliləyişlər müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.