CƏMİYYƏT
Hepatit hər il 1,5 milyon insanın ölümünə səbəb olur
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-i Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir.
Dünya Səhiyyə Assambleyasının qərarı ilə 2010-cu ildə bu tarix Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilib. Həmin gün bütün dünya ölkələrində viruslu hepatitlərə qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hepatit (A, B, C, D, E) virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Hepatit hər il 1,5 milyon insanın ölümünə səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu xəstəliyin müayinə və müalicəsi istiqamətlərində Azərbaycanda da mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında səhiyyə naziri Oqtay Şirəliyevin viruslu hepatitə yoluxmuş xəstələrin diaqnozlarının qoyulması, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkilinin təkmilləşdirilməsi məqsədilə imzaladığı əmr xüsusi qeyd olunmalıdır.
Son illər viruslu hepatitlərə yoluxanların sayının artmasını nəzərə alaraq cari ildə hepatit B və C viruslarına yoluxmuş şəxslərin diaqnozunun müəyyən edilməsi, onların müalicəsinin təkmilləşdirilməsi məqsədilə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Artıq xəstəliyin müalicəsi zamanı istifadə olunacaq virus əleyhinə dərman preparatları İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınıb və yanvar ayından xəstələrin həmin dərmanlarla təminatına başlanılıb.