REGİONLAR
Hepatit virusları insanların sağlamlığında ciddi pozuntulara səbəb ola bilər
Naxçıvan, 30 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında nikaha daxil olmaq istəyən şəxslərin Hepatit B, C və QİÇS üzrə tibbi müayinələri mütəmadi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasında hepatit viruslarına qarşı mübarizə və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı keçirilən elmi–praktik seminarda xəstəxananın baş həkimi Əli Ələsgərov məlumat verib.
Baş həkim qeyd edib ki, hepatit (A, B, C, D, E) virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Hepatitə yoluxmuş insanların böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını xilas etmək olar.
Ə.Ələsgərov muxtar respublikada hepatit viruslarına yoluxmuş xəstələrdə diaqnozun qoyulması, onların qeydiyyatının aparılması, dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlərin görüldüyünü deyib.
Qeyd olunub ki, evlilikdən əvvəl məcburi tibbi müayinələrin tərkib hissəsi olan hepatitlərə görə müayinələr Naxçıvan Muxtar Respublika Xəstəxanasının hematologiya şöbəsində aparılır. Nikaha daxil olmaq istəyən şəxslərə tibbi arayışların verilməsi müayinələrin nəticələri təqdim edildikdən sonra həyata keçirilir. Bunun üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Yoluxucu Xəstəliklər Mərkəzində, Doğum Mərkəzində lazımi şərait yaradılıb, tibb ocaqları bütün tibbi avadanlıqlarla təchiz edilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Nuray Əliyevanın “Hepatit B xəstəliyi”, cərrahiyyə şöbəsinin həkim rezidenti Həbib Məmmədovun “Hepatit C xəstəliyi” mövzularında məruzələri videoçarx və slaydlarlın müşayiəti ilə dinlənilib.
Sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.