REGİONLAR
Hepatit viruslarına qarşı mübarizə tədbirləri gücləndirilir
Naxçıvan, 3 fevral, AZƏRTAC
Muxtar respublikada hepatit viruslarına yoluxmuş xəstələrə diaqnozun qoyulması, onların qeydiyyatının aparılması, dərman preparatları ilə təmin edilməsi və müalicələri məqsədilə ardıcıl tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində “Hepatitlərin yoluxma yolları və qarşısının alınması” mövzusunda keçirilən maarifləndirici tədbirdə danışılıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinin müdiri Hüseyn Mikayılov qeyd edib ki, hepatit virusları qaraciyərdə xəstəlik törədir və müalicə edilmədikdə həyati təhlükə yaradırlar. Hepatitə yoluxmuş insanların böyük əksəriyyəti bundan xəbərsiz olur. Virus hepatitləri bütün hepatitlər içərisində ən çox rast gəlinəndir. Hazırda dünyada 2 milyarda yaxın hepatit B və hepatit C daşıyıcısı və xəstəsi var. Xəstəliyin qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə bir çox insanı bu xəstəliklərdən xilas etmək mümkündür.
Çıxış edənlər hepatitlərin müxtəlif növləri haqqında məlumat veriblər. Qeyd olunub ki, hepatit virusları əsasən qan təması vasitəsi ilə insana yoluxur.
Vurğulanıb ki, xəstəxanalarda bu kimi virusların yayılmaması üçün lazımi tədbirlər vaxtında yerinə yetirilməli, sterilizasiya tədbirləri diqqətdə saxlanılmalıdır.