CƏMİYYƏT


Hepatitə yoluxmanın vaxtında aşkarlanması xəstəlikdən sağalmaya səbəb olur

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycanda hepatit infeksiyalarının yayılması orta səviyyədədir. Müqayisə üçün deyək ki, hepatit B-yə yoluxma İtaliyanın cənubunda 8, Rusiyada və Qazaxıstanda 10, Misirdə 18 faizdirsə, ölkəmizdə bu rəqəm 2 faiz təşkil edir. Hepatit C-yə yoluxma faizi isə daha aşağı -1,95 faiz səviyyəsindədir. Nəzərə alsaq ki, 25 il əvvəl yoluxma 3,5 faiz təşkil edirdisə, onda son illər bu sahədə aparılan tədbirlərin səmərəsini görmək mümkündür. 2006-cı ildə aparılan vaksinasiya, xəstəliyin diaqnostika, müayinə və müalicəsi sahəsində, eləcə də görülən antiepidemioloji tədbirlər bu sahədə vəziyyətin yaxşılaşmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyanın sədri Murad Məmmədov Ümumdünya Hepatit Günü ilə əlaqədar Kliniki Tibbi Mərkəzdə jurnalistlər üçün keçirilən mətbuat konfransında məlumat verib.

Mətbuat konfransında son illər hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə dolğun ətraflı məlumat verilib. Qeyd olunub ki, ölkəmizdə hepatit C virusunun müalicəsinə 1992-ci ildə interferon preparatlarının müalicəsi ilə başlanılıb. 1999-cu ildə müalicə yeni preparatlarla davam etdirilib. 2013-cü ildən tətbiq edilən yeni preparatların tətbiqi isə xəstələr arasında 95 faizdən artıq sağalmaya səbəb olub. Hazırda qeydiyyatdan keçən yeni preparatlar hepatit xəstələrinin sağalıb həyata qaytarılmasında xüsusilə böyük rol oynayır. Nəticədə hepatit B virusu ilə xəstələnənlər arasında ölüm səviyyəsi 1 faizə düşüb. Hepatit C virusuna yoluxanlar arasında ölüm faizi bundan da aşağıdır.

Komissiya sədri bildirib ki, vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya - qaraciyər serozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır. Dünya Səhiyyə Təşkilatının məlumatları da bunu təsdiqləyir. Vaxtilə hepatitlərdən ölüm halları statistikada yeddinci yerdə idisə, indi onuncudur. Hazırda ölkəmizdə hepatitin ayrı-ayrı növlərinə yoluxmuş 7043 xəstə var və onların müalicəsi üçün tədbirlər görülür.

Kliniki Tibbi Mərkəzin hepatit şöbəsinin müdiri Ziyafət Tağıyeva bu ilin altı ayı ərzində xəstəxanaya 838 nəfər qəbul edildiyini bildirib. Qeyd edib ki, onlardan 171-i hepatitin B, 502-si C, yeddisi A, doqquzu isə D virusları ilə yoluxub. Yoluxanların 55 faizini kişilər təşkil edir.

Şöbə müdiri xəstələrdən 33-nün vəziyyətinın ağır olduğunu bildirib. Xəstələr onların həyatına daxil olan bu “səssiz qatil”dən vaxtında xəbər tuta bilmir. Xüsusilə rayonlardan gətirilən xəstələr əksər hallarda terminal və ağır vəziyyətlərdə olurlar.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.