ELM VƏ TƏHSİL
“Həqiqətin fəlsəfəsi” kitabı işıq üzü görüb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Həqiqətin fəlsəfəsi” elmi-fəlsəfi kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Apostroff” nəşriyyat evində çapdan çıxan, traktat janrında yazılan, geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu sanballı elmi-fəlsəfi kitab Azərbaycanın fəlsəfə tarixində ilk yeni bir səhifədir. Nəşr müəllifin kainat, zaman, məkan və yaranış haqqında mühəndislik fəlsəfəsi baxımından düşüncələrinin və araşdırmalarının məhsuludur.
Elmi, eyni zamanda, çox sadə, anlaşılan bir şəkildə qələmə alınan əsərdə insan və onun mövcudluğu, ölüm və ölümsüzlük, ruh, kosmosla əlaqə və bu qəbildən olan bəşəri mövzulara fərqli rakurslardan nəzər salınır, bir sıra yeni elmi-fəlsəfi qənaətlər təqdim edilir. Əsər boyu elmi-fəlsəfi sübutlarla hər şeyin əsasında uca Yaradanın dayandığı izah edilir.
Naşiri Akif Dənzizadə olan “Həqiqətin fəlsəfəsi” əsərinin redaktoru və “Ön söz”ün müəllifi Zakir Abbas, rəyçisi yazıçı-dramaturq Samir Sədaqətoğludur.
Bu elmi-fəlsəfi kitab noyabrın ilk günlərində ictimaiyyətə təqdim olunacaq.