REGİONLAR


Hər bir ağacın öz naxışı, öz gözəlliyi var

A+ A

Naxçıvan, 22 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında müxtəlif sənət növləri ilə yanaşı, ağacoyma sənətinin yaşadılmasına da diqqət yetirilir. Bu sənətlə məşğul olan sənətkarlara dövlətimiz xüsusi qayğı göstərir, onlar üçün emalatxanalar yaradılır.

AZƏRTAC xəbər verir ki, bu gün muxtar respublikada ağacoyma sənəti ilə çox sayda sənətkar məşğul olur. Onlardan biri də Akif Həsənovdur. Bizimlə söhbətində usta Akif bildirdi ki, xəttatlıq, nəqqaşlıq, xarratlıq və rəssamlıqla bağlı olan ağacoyma olduqca çətin bir sənətdir: “Bu sənət insandan səbir, bacarıq, güclü yaddaş və eyni zamanda, ideya tələb edir. Elə etmək lazımdır ki, hər şey ölçüsündə, yerli-yerində olsun. Diqqətcil olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz. Çoxları belə düşünür ki, quru odun parçasıdır, müxtəlif eskizlər, üsullar tətbiq edirsən, olur sənət əsəri. Lakin bir sənət əsərini yaratmaq üçün bəzən günlərlə düşünmək, gözlərin önünə tamamlanmış əsəri gətirmək lazım olur. Bu sənətdə orijinal fikirlər və üslublar axtarıb tapmaq məsələnin ən vacib tərəflərindəndir.

Usta Akif qeyd etdi ki, ağac var ustadan yumşaqlıq, mülayimlik tələb edir, ağac var sərtlik. Ağac var ki, tez bir zamanda istənilən şəklə salmaq olur. Ancaq ağac da var ki, çox çətin “ipə-sapa yatır”, insanın səbrini imtahana çəkir, istədiyin nəticəni əldə etmək çox çətin olur. Bundan başqa, hər bir ağacın öz naxışı, öz gözəlliyi var. Bu gözəlliyi duyub hiss etmək lazımdır. Əgər qarşındakı ağacın, belə demək mümkünsə, səndən nə istədiyini hiss edib duya bilmirsənsə, demək, o da sənə istədiyini verməyəcək.

Gənclərin bu sənətə böyük maraq göstərdiyini deyən usta Akif bildirdi ki, işini bilən usta öz əl işləri ilə davamçısını qazanır. Yəni, ola bilməz ki, yaxşı ustanın əl işi heç kimi bu sənətə cəlb etməsin, çağırmasın: “O ki qaldı, bu sənətin sirlərini öyrətməyə, bax, onda yaxşı usta bilik, təcrübə kimi zəngin xəzinəsinin qapılarını öz davamçısının üzünə açmalı, ondan heç bir şeyi gizlətməməli, onunla ağacların dili ilə danışmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.