CƏMİYYƏT
Hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini yüksək qiymətləndirir
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması və inkişafı sahəsində xidmətlərindən danışıb. Z.Abdullayev ulu öndər Heydər Əliyevin hələ SSRİ dövründə milli hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verdiyini və müstəqilliyin bərpasından sonra ordu quruculuğu prosesini uğurla həyata keçirdiyini vurğulayıb.
Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi insanları dövlətçilik ətrafında sıx birləşdirən meyara çevrilib. Hər bir azərbaycanlı Ulu Öndərin dövlət və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirir və dahi rəhbərin əziz xatirəsini daim qəlbində yaşadır.
Mərasimdə ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dahi qurucu” sənədli filmi nümayiş etdirilib.