REGİONLAR
Hər bir azərbaycanlının ürəyində Vətən həsrəti, torpaq nisgili var
Xırdalan, 23 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Füzuli və Cəbrayıl rayonlarının 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin növbəti ildönümü günündə Abşeron Rayon İcra Hakimiyyətində bu rayonlardan olan şəhid ailələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə görüşlərin keçirildiyini bildirib. Füzuli və Cəbrayıla qayıdacağımız günün uzaqda olmadığını vurğulayan İ.Gülməmmədova qeyd edib ki, hər bir azərbaycanlının ürəyində Vətən həsrəti, torpaq nisgili var.
Prezident İlham Əliyevin keçirdiyi bütün beynəlxalq görüşlərdə əsas diqqətin Qarabağ probleminə yönəldildiyini, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində Azərbaycanın daha da inkişaf etdiyini deyən İ.Gülməmmədova ölkəmizin haqq səsinin artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən eşidildiyini vurğulayıb.
Daha sonra Füzuli və Cəbrayıldan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda şəhid ailələrinə maddi yardım göstərilib.