REGİONLAR


Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir

A+ A

Beyləqan, 23 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Beyləqan rayonunda istehlakçıların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb edən maarifləndirmə tədbirləri çərçivəsində növbəti konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 130-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov ölkə iqtisadiyyatının möhkəm təməllər üzərində qurulduğunu və inkişaf etdiyini, aparılan məqsədyönlü siyasət nəticəsində respublikada işgüzar fəallığın artdığını, istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısının yüksəldiyini, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb.

Konfransda Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat veriblər.

İstehlakçı hüquqlarının müxtəlif aspektlərini əhatə edən məruzələrdən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlakçı hüquqları, ticarət və xidmət qaydaları, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə suallar cavablandırılıb, iştirakçılara istehlakçı hüquqlarına dair 18 adda maarifləndirici bukletlər paylanılıb.

Tədbir çərçivəsində, həmçinin “Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda da təlim keçirilib. Təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak ediblər. İştirakçılar dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, təlim kurslarının təşkil olunmasında məqsəd dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.