REGİONLAR
Hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var
Bakı, 12 iyul, AZƏRTAC
Artıq müəyyən müddət ərzində hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində iş aparılır. Birinci pilot layihə Neftçala rayonunda icra edilir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışarkən deyib: "Neftçalada artıq səkkiz layihə hazırdır və bu layihələrin icrasına 40 milyon manat investisiya qoyulacaq. İkinci sənaye zonası Masallı şəhərində yaradılacaqdır. Masallı sənaye zonasında fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub. Bu layihələrin investisiya həcmi 31 milyon manatdır. Bu, çox müsbət inkişafdır. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm ki, digər şəhər və rayonlarımızda da buna oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var. Biz ilk növbədə özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq. Bununla bərabər, bu, məşğulluq problemlərinin həllinə də çox müsbət təsir göstərəcəkdir".