REGİONLAR
Hər bir xalqın ən qiymətli sərvəti onun sahib olduğu dövlət müstəqilliyidir
Naxçıvan, 24 may, AZƏRTAC
Hər bir xalqın ən qiymətli sərvəti onun sahib olduğu dövlət müstəqilliyidir. Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Şərqdə ilk dəfə demokratik dövlət quruluşunun əsası qoyulub. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın böyük dövlətçilik ənənələrinə malik olduğunu bütün dünyaya nümayiş etdirib.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağının beynəlxalq münasibətlər və xarici dillər fakültəsində 28 May – Respublika Günü münasibətilə keçirilən elmi-praktik konfransda bu barədə danışılıb.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən islahatlar müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Milli dövlətçiliyin bərpası - Azərbaycan Xalq Cümhuriyyəti” adlı məruzə ilə çıxış edən universitetin ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayev bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ölkəmiz ötən dövrdə müstəqilliyini qoruyub, dünyanın nüfuzlu dövlətləri sırasında öz yerini alıb. Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycan bu gün də sürətlə inkişaf edir, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır.
Ali təhsil ocağının iqtisad fakültəsinin dekan müavini Əşrəf Ələkbərov “Müstəqilliyimizin bərpasından sonra Azərbaycanın iqtisadi inkişafı” adlı məruzəsində qeyd edib ki, dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. 1994-cü il sentyabrın 20-də Ulu Öndərin gərgin əməyinin və qətiyyətinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyulub və bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq, dinamik inkişafın təməl prinsiplərindən birinə çevrilib.