İQTİSADİYYAT
Hər il dünyada meyvə və tərəvəzin 40 faizindən çoxu məhv olur, yaxud tullanır
Bakı, 29 may, AZƏRTAC
Hər il dünyada meyvə və tərəvəzin 40 faizindən çoxu, balığın 35 faizi məhv olur, yaxud tullanır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Dünya Topdansatış Bazarlar İttifaqı (DTBİ) tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. Müqavilə şəhər ərzaq bazarlarında ərzaq tullantılarının azalmasına nail olmağa imkan verəcək. Bu barədə AZƏRTAC BMT-nin Xəbər Mərkəzinə istinadla xəbər verir.
Yeni tərəfdaşlıq çərçivəsində ekspertlər topdansatış mərhələsində nə qədər ərzağın məhv olduğu və ya tullandığı barədə daha ətraflı məlumat toplamaqla, habelə məhsulun şəhər bazarlarına göndərilməsi sisteminin yaxşılaşdırılması və sektorda tullantıların azaldılması üzrə səmərəli prosedurların işlənib hazırlanması ilə məşğul olacaqlar.
Hər il istehlak üçün istehsal olunan ərzağın təqribən üçdə bir hissəsi – 1,3 milyard ton məhsul məhv olur, ya da tullanır. İtkilər daha çox dünya əhalisinin yarısının yaşadığı şəhərlərdə baş verir. 2050-ci ilədək şəhər sakinləri dünya əhalisinin demək olar ki, üçdə iki hissəsini təşkil edəcək.
FAO-nun hesablamalarına görə, hər il meyvə və tərəvəzin 40 faizindən çoxu, balığın 35 faizi, taxıl məhsullarının 30 faizi və yağlı bitkilərin, ət və süd məhsullarının 20 faizi məhv olur, yaxud tullanır. Ərzağın buraxılış və pərakəndə qiymətləri nəzərə alınarsa, bu baxımdan iqtisadi itkilər hər il təqribən 1 trilyon ABŞ dollarına bərabərdir.
Yeni tərəfdaşlıq topdansatış bazarlarında yeni təcrübə, metod və əməliyyatları tətbiq etməklə, ərzaq məhsullarının göndərilməsi üzrə şəhər sistemlərində informasiya axınını təmin etməklə nəinki ərzaq itkisini və tullantısını azalda biləcək, həmçinin istehsalçıların bazarlara çıxışını genişləndirəcək, ərzağın daşınmasını yaxşılaşdıracaq, bütün şəhər istehlakçılarını təzə və təhlükəsiz ərzaq məhsulları ilə təmin etməyə imkan verəcək.
FAO-nun Mərkəzi Asiya və Şərqi Avropa üzrə regional nümayəndəsi deyib: “Artıq ailələr səviyyəsində ərzaq tullantılarının azaldılması üçün mühüm tədbirlər görülüb, lakin bu sistemdə mühüm vəsilə olan topdansatış ticarətçilərin müdafiəsinə kifayət qədər diqqət yetirilmirdi. Yeni tərəfdaşlıq vəziyyəti dəyişəcək”.