DÜNYA
Hər iş üçün robotlar VİDEO
Bakı, 30 iyul (AZƏRTAC). Asimo artıq gənc deyil. Onun 18 yaşı var. Bu yaş robot üçün qocalıq sayılır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Asimo (Advanced Step in Innovative Mobility) “Honda” Konserninin mühəndisləri tərəfindən yaradılıb. Bu dəfə isə onlar Brüsseldə robotun modifikasiya olunmuş versiyasını təqdim ediblər və onu yeni məhsul adlandırırlar.
Yeni Asimo müxtəlif hərəkətlər etməyə imkan verən qurğularla təchiz olunub. Əgər əvvəllər onun əlləri yalnız iki hərəkət etməyə qadir idisə, indi bu hərəkətlərin sayı 13-ə çatdırılıb. O, barmaqlarını sərbəst hərəkət etdirir, kifayət qədər mürəkkəb tapşırıqları yerinə yetirməyi bacarır.
Bu robot, eyni zamanda, cəld yerimək imkanına malikdir. Pilləkənləri ahəngdar surətdə qalxır, tullanır və qaçır. Lazım gəldikdə saatda 9 kilometr sürət yığa bilir.
Bu gün robotlardan istifadə imkanları praktiki olaraq hüdudsuzdur. Əgər “Hondo robotiks” Asimonun yenilənmiş variantında yaşlı insanlara ev işlərində kömək göstərilməsini nəzərdə tutursa, Viskonsin ştatındakı fermaların birində robotun üzərinə daha ağır və çirkli işlər düşür. O, tövləni təmizləyir, heyvanlara yem verir, həmçinin onları gündəlik sağına hazırlayır.