CƏMİYYƏT
“Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində kütləvi aksiya keçiriləcəkdir VİDEO
Bakı, 12 fevralı (AZƏRTAC). IDEA İctimai Birliyi, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” müştərək layihəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində fevralın 13-dən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçiriləcəkdir.
Keçirilən aksiya zamanı dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və özəl müəssisələrin iştirakı ilə kağız tullantıları kütləvi şəkildə həmin mərkəzlərdə toplanılacaqdır.
Aksiyada sadə vətəndaşların iştirakı da nəzərdə tutulur. Beləliklə, “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə mütəmadi qaydada istifadə olunmuş kağız və kağız məhsullarını təhvil vermək mümkün olacaqdır. Təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı qarşılığında 1 ağacın əkilməsi planlaşdırılır.
Aksiyanı işıqlandıran KİV nümayəndələri tullantı kağızları “ASAN xidmət” mərkəzlərinə təhvil verməklə, eyni zamanda, aksiyanın birbaşa iştirakçıları ola bilər.