CƏMİYYƏT
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start verilib VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, IDEA İctimai Birliyi və “Azersun Holding” MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantılarının toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start verilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bidirilib ki, layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Həmçinin layihə ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.
Layihə çərçivəsində ilkin olaraq 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər struktur bölmələri, Təhsil Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və digər qurumlar tərəfindən 10 tondan çox kağız tullantısı təhvil verilib.
Martın 25-dən kağız tullantılarının qəbulu üçün bütün “ASAN xidmət” mərkəzlərində xüsusi konteynerlər quraşdırılacaq. Layihə çərçivəsində “Azersun Holding” MMC tərəfindən 300 kiloqramdan artıq kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil ediləcək.
Kağız tullantılarını səyyar qaydada təhvil vermək istəyən şəxslər IDEA İctimai Birliyi (497-63-16 nömrəsi) və ya “ASAN xidmət” ilə (108 qaynar xətti) əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, 2014-cü ilin fevral – aprel ayları ərzində Bakıda “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin pilot fazası həyata keçirilmiş və 79 tona yaxın kağız toplanaraq təkrar emal müəssisəsinə göndərilmişdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, IDEA İctimai Birliyi və “Azersun Holding” MMC dövlət qurumlarını, özəl sektor nümayəndələrini, qeyri-hökumət təşkilatlarını və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etməyə dəvət edir.