MƏDƏNİYYƏT
Hər kəs İçərişəhərdə milli mətbəximizin unudulmuş ləzzətini dada bilər
Bakı, 15 avqust, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq Bakı sakinlərini və şəhərimizin qonaqlarını rəngarəng festivallarla sevindirməyə davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-dən 3-dək İçərişəhərdə “Unudulmuş yeməklər” adlı növbəti yemək festivalı keçiriləcək. Festivalın keçirilməsində məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı ab-havası yaradaraq bayram təntənəsini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə qeyd etməkdir.
Hazırlanmasında və təqdimatında festivala gələnlərin də iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı, eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulmuş zənginliklərini nümayiş etdirərək xalqımızın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.
Hər kəs 3 gün müddətində İçərişəhərin tarixi küçələrində milli mətbəximizin unudulmuş ləzzətini dada bilər.