CƏMİYYƏT
Hər üç avropalıdan biri asbestin təhlükəli təsirinə məruz qalır
Bakı, 1 may, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının Avropa regiondakı 900 milyon insanın üçdəbir hissəsi asbestin bütün növlərinin istifadəsinin hələ də qadağan edilmədiyi ölkələrdə yaşayır. Bu isə ağciyər, yumurtalıq və qırtlaq xərçənginin, habelə mezotelioma və asbestozun inkişafına səbəb ola bilər.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu problemi Hayfada DST-nin ətraf mühit və sağlamlıq məsələləri üzrə Avropa Bürosunun üzvü olan ölkələrin müşavirəsinin iştirakçıları müzakirə ediblər. Onlar təkidlə regionun bütün ölkələrini asbestin istifadəsindən imtina etməyə çağırıblar.
DST-nin Avropa Regional Bürosunun direktoru deyib: “Biz Avropada hər il asbestin təsirinin əmələ gətirdiyi xəstəliklərdən təxminən 15 min insanın, əsasən fəhlələrin ölməsinə imkan verməməliyik. Asbest ilə bağlı ölümlə nəticələnən bütün xəstəliklərin qabağını almaq olar”.
DST-nin İsraildə müşavirədə təqdim olunan “Asbest ilə bağlı xəstəliklərin qarşısının alınması yolunda irəliləyiş” mövzusunda məruzədə qeyd edilib ki, zərərli istehsalat amillərinin insan orqanizminə təsiri nəticəsində əmələ gələn xərçəngdən bütün ölüm hallarının təxminən yarısının səbəbi asbestdir. Son məlumatlara görə, Avropa regionunun 15 ölkəsində mezoteliomadan ölüm halları hər il 1,5 milyard avrodan çox ziyan vurur.
Hazırda regionun 53 dövlətindən 37-də asbestin bütün növlərindən istifadəyə qadağa qoyulub. 16 dövlət əsasən tikinti materialları komponenti kimi hələ də asbestdən istifadə edir. DST-nın ekspertləri asbesti “gizli qatil” adlandırıblar, çünki onun insan orqanizminə təsiri onilliklər sonra özünü büruzə verir. Bu isə o deməkdir ki, yaxın illərdə bütün Avropada hələ çox adam asbestin məhvedici təsirindən xəstələnə və ya ölə bilər.