SİYASƏT


Hər zaman “evdən kənarda” oynayan komanda: “Qarabağ”ın hekayəsi “Stamford Bridc” stadionunda təqdim olunub

Bakı, 23 iyun, AZƏRTAC

İdman insanları bərabərləşdirmək və onlar arasında həmrəylik yaratmaq üçün çox gözəl vasitədir. Etnik mənsubiyyətindən, dinindən, milliyyətindən və ya mədəniyyətindən asılı olmayaraq idmanda hakim olan qaydalar bütün dünyada anlaşılır. Buna baxmayaraq bəzən idman da münaqişənin qurbanı ola bilər və bunu “Qarabağ” futbol komandasının timsalında görmək olar. Onların Ağdamda yerləşən doğma meydançaları 1993-cü ildə erməni işğalçıları tərəfindən Dağlıq Qarabağ və ona bitişik yeddi rayon zəbt edildikdən sonra cəbhə zonasına çevrilib. Komanda ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməyə məcbur olub.

Komanda eyniadlı Qarabağ atları şərəfinə “Atlılar” adlanır. Çox vaxt polonun əcdadı olan Azərbaycanın milli çövkən oyununda istifadə olunan Qarabağ atları qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu unikal at növlərindən biridir. Son zamanlar “Qarabağ” futbol komandası böyük uğurlara imza atmağa başlayıb və 2014-cü ildə Avropa Liqasında qrup mərhələsinin zirvələrinə yüksəlib.

Bu gözəl hekayə amerikalı jurnalist və yazıçı Tomas Qoltsu komandanın yaranma tarixi, Avropa futbol aləmində əldə etdiyi nailiyyətlər və çətinliklər haqqında “On Aqqreqeyt” (Aqreqatda) adlı sənədli film çəkməyə sövq edib. ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts 1991-ci ildən başlayaraq dəfələrlə Azərbaycana uzunmüddətli səfərlər edib, ölkəmizin hər bir guşəsini qarış-qarış gəzərək maraqlı reportajlar hazırlayıb, Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə məlumat verib. Qarabağ savaşının şahidi olan Tomas Qolts ingilis dilində işıq üzü görən “Azərbaycan gündəliyi” kitabının müəllifidir.

İyunun 22-də Londonun “Çelsi” futbol klubunun “Stamford Bridc” stadionunda sözügedən filmin Britaniya premyerası keçirilib. “On Aqqreqeyt” sənədli filminin nümayişindən əvvəl Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London ofisinin direktoru Cek Peqoraro çıxış edib. O deyib: “Təəssüf ki, BMT-nin Ümumdünya Qaçqınlar Günü ifadəsi hazırda məcburi köçkünlərin üzləşdiyi çətinlikləri əks etdirmir. Bu isə qeyri-adi bir haldır. Belə ki, hazırda dünyada məcburi köçkünlərin sayı qaçqınların sayından daha çoxdur. 25 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi rayonu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyon insan məcburi köçkünə və qaçqına çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistanı işğalçılıqda qınayan dörd qətnamə qəbul etməsinə baxmayaraq, köçkünlərin heç biri evlərinə geri qayıda bilməyib. Ermənistanın Azərbaycanın əzəli torpaqlarını işğal etməsi nəticəsində “Qarabağ” futbol klubu doğma meydançasına həsrət qalıb”.

Filmdə vurğulanır ki, komandada bir neçə legioner oyunçunun olmasına baxmayaraq, onun şərəfini qoruyan əksər oyunçular Ağdamdan olan məcburi köçkünlərdir. Klubun futbol akademiyasından götürülən yeni oyunçular da məcburi köçkün ailələrindəndir. Milanın “İnter” komandası ilə matç zamanı azarkeşlər tərəfindən fəxrlə uzadılmış bannerdə yazıldığı kimi: “Qarabağ – sadəcə komanda deyil”.

Ağdama səfər etmək imkanı haqqında Tomas Qoltsa sual verildikdə cavabı bu cür oldu: “Bütün Dağlıq Qarabağa olduğu kimi, Ağdama da giriş mümkün deyil. Şəhər tamamilə yerlə-yeksan edilib. Şəhərə daxil olduqda orada Azərbaycan avtomobillərinin dövlət nömrə nişanlarından bir divar var. Bu avtomobilləri 1993-cü ildə ermənilər şəhəri işğal edərkən mənimsəyiblər. Avtomobillərin hamısı Ağdamda qeydiyyatda olduğunu bildirən “02” rəqəmi ilə başlayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.