İDMAN


Hərbçilərimiz güləş üzrə 31-ci dünya çempionatında güclərini sınayacaqlar

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 19-dan 25-dək Makedoniyada Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışlar yunan-Roma və sərbəst güləş növləri üzrə təşkil olunacaq. Çempionata Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə 21 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də qatılacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı ordu idmanının inkişafına da müsbət təsir göstərib. Bunun nəticəsində Azərbaycan hərbi idmançıları beynəlxalq idman arenalarında ölkəmizi şərəflə təmsil edərək yeni-yeni uğurlar əldə ediblər.

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) fəal üzvüdür. Mərkəzi Ordu İdman Klubunda idmanın 15 növü üzrə bölmələr fəaliyyət göstərir və bu bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, dünya, Avropa və digər beynəlxalq yarışlarda medalların qazanılmasında Mərkəzi Ordu İdman Klubu idmançılarının da əməyi danılmazdır.

Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçirilən beş Dünya Hərbi İdman oyununda və hər il keçirilən dünya çempionatlarında hərbi idmançılarımız uğurla çıxış edərək 300-dən çox medal qazanıblar. İdman yarışlarında fəal iştirak edən Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasına üzv olan 130 ölkə arasında 11-ci, MDB dövlətləri arasında isə 2-ci yerə layiq görülüb.

Məhz ölkə rəhbərinin Azərbaycan idmanına göstərdiyi qayğı və dəstəyini, o cümlədən ölkəmizin nümayəndə heyətinin mütəmadi, uğurlu çıxışlarını nəzərə alaraq, Beynəlxalq Hərbi İdman Şurasının qərarı ilə 2004-cü ildə cüdo, 2006-cı ildə sərbəst və yunan-Roma güləşi, 2008-ci ildə boks, 2010-cu ilin noyabrında cüdo üzrə dünya çempionatları və 2013-cü ildə hərbçilər arasında futbol üzrə ilk dünya kuboku yarışı Bakıda keçirilib.

Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçiriləcək növbəti 31-ci dünya çempionatına inamla hazırlaşan idmançı zabit, gizir və qulluqçular, eləcə də idman fəalları respublikamızın ən mötəbər idman federasiyalarında təlim-məşq toplanışları keçiblər. İnanırıq ki, yarışlara ciddi hazırlaşan hərbi idmançılarımız ölkəmizi layiqincə təmsil edərək medallar qazanacaq və hamımızı sevindirəcəklər. Hərbi idmançılarımıza uğurlar diləyirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.