İDMAN


Hərbçilərimiz güləş üzrə 31-ci dünya çempionatında iştirak etmək üçün Makedoniyaya yola düşüblər

A+ A

Bakı, 18 sentyabr, AZƏRTAC

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun 21 idmançıdan ibarət nümayəndə heyəti güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında iştirak etmək üçün sentyabrın 18-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Makedoniyaya yola salınıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilərin yaxınları, idmansevərlər iştirak ediblər.

Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında sentyabrın 19-dan 25-dək keçiriləcək yarışlar yunan-Roma və sərbəst güləş növləri üzrə təşkil olunacaq. Azərbaycan nümayəndə heyətinin tərkibinə sərbəst və yunan-Roma güləşi növlərinin hər biri üzrə 7 idmançı daxildir. İdmançılardan ikisi Avropa, ikisi isə dünya çempionudur. Komandanın rəhbəri Nazim Əlicanovdur. İdmançılar məşqçilər Taleh İsrafilovun və Nazim Əlicanovun rəhbərliyi ilə güclərini sınayacaqlar. Beynəlxalq dərəcəli hakim Elman İsmayilov da komandada yer alıb.

Azərbaycan nümayəndə heyəti çempionata Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə yollanıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) fəal üzvüdür. Mərkəzi Ordu İdman Klubunda idmanın 15 növü üzrə bölmələr fəaliyyət göstərir və bu bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, dünya, Avropa və digər beynəlxalq yarışlarda medalların qazanılmasında Mərkəzi Ordu İdman Klubu idmançılarının da əməyi danılmazdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.