SİYASƏT


Hərbçilərin dünya çempionatına Azərbaycan idmançılarından ilk olaraq mübarizəyə sərbəst güləşçilər qatılacaqlar

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

Sentyabrın 20-də Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək və Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatına hazırlıq işləri başa çatıb.

Həmin gün bütün idmançılar Skopye şəhərinin ən böyük idman arenalarından olan və Boris Traykovskinin adını daşıyan İdman Mərkəzinə toplaşıblar.

Əvvəlcə CİSM-in rəhbərliyi KİV nümayəndələri üçün mətbuat konfransı keçirib.

Sonra hakimlərin, nümayəndə heyətlərinin və texniki heyətlərin iştirakı ilə yığıncaq olub.

Gün ərzində hərbçi idmançılara idman mərkəzində təlim məşqləri keçirməyə də şərait yaradılıb.

Yarışlara hazırlığın son mərhələsi olaraq bu gün idmançılar həkim yoxlamasından, dopinq nəzarətdən keçiblər və onların çəkiləri yoxlanılıb.

Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir.

Yarışlara qatılan idmançıların 50 faizdən çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Dünya çempionatında sərbəst güləş yarışlarında ilk dəfə qadın hərbçi idmançılar da 5 çəki dərəcəsi üzrə iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində beynəlxalq dərəcəli hakim Elman İsmayılov da var.

Sentyabrın 21-də ilk olaraq xalça üzərində mübarizəyə MOİK-in sərbəst güləşçiləri qatılacaqlar.

Makedoniya vaxtı ilə saat 15:30-da güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının təntənəli açılış mərasimi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.