CƏMİYYƏT
Hərbi Prokurorluq əməkdaşının odlu silah xəsarətləri alması ilə bağlı cinayət iş başlanıb
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 25-də Respublika Hərbi Prokurorluğunun şöbə prokuroru Əhmədov Rəhman Bayram oğlu odlu silah xəsarətləri ilə xəstəxanaya müraciət edib. Faktla bağlı aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, yanvarın 24-də saat 21 radələrində R.Əhmədov ov etmək məqsədilə dostları ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndi yaxınlığındakı fermaya gedib. O, orada dostu Murtuzov İdris Xanbala oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş zamanı bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
fakta görə Cinayət Məcəlləsinin 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir. Eyni zamanda, R.Əhmədov barəsində Respublika Hərbi Prokurorluğunda xidməti yoxlama aparılır.