REGİONLAR


Hərbi attaşelər və xarici media nümayəndələri 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçiriblər

Füzuli, 6 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 4-də erməni silahlı bölmələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçiriblər.

AZƏRTAC xəbər verir ki, xarici KİV nümayəndələrinə və hərbi attaşelərə hadisə ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

1992-ci ildə Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edilərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürülüb. Ermənistan nəinki bu mötəbər beynəlxalq təşkilatın qərarlarına əməl etmir, hətta öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha da möhkəmləndirməyə çalışır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin müntəzəm olaraq atəş altında saxlanılması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün Sarkisyan rejimi tərəfindən məqsədli şəkildə atılan addımlardır.

İyulun 4-də erməni silahlı birləşmələrinin növbəti dəfə Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi bir daha sübut etdi ki, Ermənistan dövləti regionda sülh və əmin-amanlığın, asayişin bərqərar olmasını istəmir və özünün təcavüzkar davranışları, beynəlxalq hüququn norma və prinsiplərinə zidd dövlət siyasəti ilə Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır. Sarkisyan rejiminin reallaşdırdığı son qanlı faciə bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, sadəcə olaraq Azərbaycanın sülhpərvər siyasəti münaqişənin alovlanmasının qarşısını alır.

Qeyd edək ki, Alxanlı kəndinə səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, “Amerikanın Səsi”, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə, 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Səfər edənlər arasında ABŞ, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.