ORDU
Hərbi ekspert: Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir
Bakı, 27 yanvar, AZƏRTAC
Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Düşmənin bütün strateji obyektləri Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Lazımi an onların hamısı məhv ediləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev deyib.
Hərbi ekspert bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahlar, döyüş helikopterləri və təyyarələri, ən müasir hava hücumundan müdafiə vasitələri, zirehli texnika, tanklar və artilleriya qurğuları ilə təchiz edilib.
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan düzgün vurğulayır ki, regionda hərbi- siyasi balans dəyişkəndir və hərbi, siyasi, iqtisadi və informasiya faktorlarından asılıdır. Bununla da o, bir daha təsdiq edir ki, sadaladığı hər bir faktora görə Azərbaycan Ermənistanı üstələyib.
Azərbaycan Ordusunda yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik ən müasir silahlar var. Azərbaycan Rusiyadan, Türkiyədən, İsraildən, Pakistandan və digər ölkələrdən düşmənin hərbi obyektlərini vurmaq imkanına malik müxtəlif növ raketlərin tədarükünü həyata keçirib. Bundan başqa, artıq Belarus tərəfi də Azərbaycana 250 kilometr mənzilli “Polonez” raket kompleksinin satılmasına dair razılıq əldə olunduğunu açıqlayıb.
Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.