REGİONLAR
Hərbi hissədə bayram tədbiri
Ağcabədi, 27 may, AZƏRTAC
Respublika Günü münasibətilə Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əsgər və zabitlərlə görüşərək Respublika Günü münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar.
Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində görülən işlərdən, gənclərə göstərilən dövlət qayğısından danışılıb, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə edilib.
Rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivi tərəfindən hərbi hissədə bayram konserti təşkil olunub. Əsgərlər özfəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnı oxuyub, rəqs edib, bacarıqlarını nümayiş etdiriblər.