ELM VƏ TƏHSİL


Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisası üzrə qəbul imtahanı keçiriləcək

Bakı, 25 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisası üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə dörd binada təşkil olunacaq. İmtahanda 1725 abituriyentin (Bakı şəhərində 1293 nəfər, Naxçıvanda 432 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 148-i Hərbi Tibb Məktəbinə, 1577 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 132 nəzarətçi-müəllim cəlb edilib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq və iki saat davam edəcək. İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar edilən abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.