REGİONLAR
Hərbi məktəblərə və liseylərə qəbul olan laçınlı gənclərlə görüş olub
Ağcabədi, 29 avqust, AZƏRTAC
Laçın Rayon İcra Hakimiyyətinin “Hər ailədən orduya bir zabit” təşəbbüsü real nəticələr verir. Ali hərbi məktəblərdə və liseylərdə təhsil almaq istəyən laçınlı gənclərin sayı ilbəil artır.
AZƏRATAC xəbər verir ki, Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olan laçınlı gənclərlə görüş keçirilib. Hərbi məktəblərə qəbul olan gənclərin, onların valideynlərinin və rayon ziyalılarının iştirak etdiyi görüşdə laçınlı gənclərin ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunması istiqamətində görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub. Bildirilib ki, builki qəbul imtahanlarında hərbi məktəblərə sənəd vermiş laçınlı məzunlardan 8 nəfəri müxtəlif ali hərbi məktəblərə qəbul olub.
Qeyd edilib ki, ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Laçın rayonunun yeniyetmə və gəncləri vətənpərvərlik ruhunda tərbiyə olunur. Yetişməkdə olan nəslin doğma torpağı unutmaması, onlarda milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin artırılması daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə çıxış edənlər “Hər ailədən orduya bir zabit” təşəbbüsünü dəstəklədiklərini və bunun üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər.