CƏMİYYƏT


Hərbi mövzuda yazan jurnalistlər üçün keçirilən təlim başa çatıb VİDEO

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Son illər Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir, ordumuzun maddi-texniki bazası gücləndirilir, hərbi qüdrəti artır. Bütün bunlar ordumuzun qələbə qazanacağı günün çox da uzaqda olmadığını deməyə əsas verir. Ordu haqqında cəmiyyətə dürüst, qərəzsiz informasiyaların verilməsi önəmli məsələlərdən biridir. Media cəmiyyətin inkişafında və formalaşmasında, ordu quruculuğu prosesinin işıqlandırılmasında mühüm rol oynayır. Məhz bu baxımdan hərbi mövzuda yazan jurnalistlərin peşəkarlığı son dərəcə mühüm əhəmiyyət daşıyır. “Dinc Dünya” Araşdırma Mərkəzinin həyata keçirdiyi və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən “Ekstremal jurnalistlərə təcrübə poliqonu təlimlərinin öyrədilməsi” (Jurnalistlərin ekstremal hallarda risklərdən çıxma öyrəncləri) layihəsi də bu baxımdan əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il sentyabrın 24-də imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncama əsasən həyata keçirilir. Layihənin praktiki hissəsinin icrası iyulun 23-dən avqustun 13-dək iki qrup üzrə həyata keçirilib.

Azərbaycanda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ilk dəfə təşkil olunan və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən təlimlərin məqsədi təhlükəli vəziyyətlərdə, o cümlədən cəbhədən, döyüş yerindən, terror aktı baş verən ərazidən xəbər hazırlamağın hüquqi, təcrübi və psixoloji normativləri üzrə təlim keçmək, yəni hərbi mövzuda yazan jurnalistlərə bu sahədə davranış qaydalarını öyrətməkdir.

Layihə çərçivəsində ikinci təlim dəstəsi avqustun 7-dən 13-dək Şəmkir, Tovuz, Ağstafa rayonları ərazisində yerləşən hərbi hissələrdə müxtəlif təlimlər keçiblər. Jurnalistlər cəbhəyanı ərazidə yerləşən hərbi hissədə müdafiə nazirinin əmrinə əsasən günün nizam rejiminə qəbul olunublar. Onlar hərbi həyatın xidmət qaydaları ilə tanış edilib, təhlükəsizlik qaydaları barədə məlumatlandırılıblar. Bundan başqa, tağım, bölük, tabor komandirlərinin və digər rəislərin xidməti vəzifələrini, şəxsi heyət hazırlığının növlərini öyrəniblər.

Altı gün davam edən təlimlər beynəlxalq təcrübələrə əsasən, Dağlıq Qarabağın relyefinə uyğun planlaşdırılıb. Nazirliyin bazasında zabit-mütəxəssis heyəti tərəfindən keçirilən təlimlər zamanı jurnalistlər “Hərbi hissənin gündəlik xidmət rejimi”, “Hərbi təlim anlayışı”, “Əsgərin döyüş hazırlığı dərsləri”, “Hərbi həyatda baş verə bilən hadisələrin səbəbləri”, “Tabelikdə olanların (komandir-əsgər) tabelikdə olmayanların (əsgər-əsgər) münasibətləri”, “Nizamnamədənkənar davranışlar, mənfi liderlik (dedovşina) anlayışı”, “İntihar hallarının, sair cinayət olaylarının səbəbləri” mövzusunda təlim-mühazirələr dinləyiblər.

Bundan başqa, jurnalistlər cəbhəyanı ərazidə yay poliqon təlimində iştirak ediblər. Burada təhlükə zonasında zirehli texnikadan yararlanma tələblərini öyrənib, silahları tanıyıb, gün ərzində hərəkətdə olan zirehli texnikanın altında uzanmaq, üstündə oturmaq, içərisindən və üzərindən çəkiliş aparmaq, döyüş vaxtı texnikadan yararlanmaq tələblərini, reportaj hazırlama qaydalarını, silahdan atəş açıblar.

Hadisə yerinə fərqli relyeflərdə getmə qaydalarını öyrətmə mövzusunda keçirilən təlim günü jurnalistlərə səngərə – hadisə yerinə dağ relyefində yürümə qaydaları, səngərəqədərki yollarda rastlaşıla bilən maneələrdən keçmə üsulları, ətrafın müşahidəsi üçün mövqe seçilməsi tələbləri, yaralanarkən, xəstələnərkən vəziyyətdən çıxma, xilasolma tədbirləri, çöl şəraitində ac qalarkən təbiətdən qidalanma imkanları öyrədilib.

“Səngərdə davranma, istehkam qurğularından istifadə, döyüşçülərlə qarşılıqlı münasibətlərin tənzimlənməsi” mövzusunda təlimlər zamanı ön səngərdə gün ərzində döyüş prosesini izləmə, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən qorunma, döyüşçülərlə ünsiyyət qaydaları, savaşın prinsiplərini anlama, məlumat alma və toplama bilgiləri keçilib. Həmin gün media nümayəndələrinə ovalıq relyefdə səngərə – təhlükəli zonaya getmə üsullarını, haqqında informasiya verilməli və ya verilməməli olan qurğunun, ərazinin taktiki xüsusiyyətləri öyrədilib. Bundan başqa, ön səngərdə ərazinin taktiki xüsusatları, təbii (meşələr, çaylar, göllər) qurğuların məsafəyə görə ölçülməsi, ərazinin topoqrafik elementləri, ərazidən keçilmə imkanı, ərazinin qoruyucu, müşahidə şəraiti, maskalayıcı vasitələrin, mühəndis təchizatı şəraiti, ilin fəsillərinə görə ərazinin taktiki xüsusiyyətləri, məsafənin müşahidə və s. üsulla ölçülməsi, gözəyarı məsafə təyinində tətbiq olunan üsullar, səsin yayılma sürətinə görə, dinləmə yolu ilə məsafənin təyin olunması öyrədilib.

KİV nümayəndələrinə, həmçinin hərbi obyektdə jurnalistlərin qarşılaşa biləcəkləri problemlərdən qorunma, lazımi informasiyanın verilməsi, jurnalistlərlə zabitlərin qarşılıqlı münasibətlərinin tənzimlənməsi, informasiya siyasətinin aparılması, hərbi sirrin qorunması tələbləri, informasiya verməkdə səriştəli olmaq, hərbi olaydan, obyektdən, silah və texnikadan yazıların məntiqinin düzgün şərtlənməsi üçün lazım olan söz, söz birləşməsi, frazeoloji birləşmələr, termin və abreviaturalar öyrədilib. Jurnalistlərin hərbi obyektdən toplamalı olduqları informasiyanı zabitdən, ümumiyyətlə döyüşçüdən necə alma qaydaları da təlimçilərə izah olunub.

Şəmkir rayonu ərazisində yerləşən təlim bazasında isə jurnalistlər minalanmış sahədə hərəkət qaydaları ilə tanış ediliblər. İştirakçılar cəbhəyanı kəndlərdə əhalidən xəbərin alınması və dəqiqləşdirilməsi metodları, ekstremal hallarda jurnalistlərin problemləri ayırd etmə, informasiyanın alınmasının qanuni tənzimlənməsi tələbləri, ön səngərdə baş verənlərlə əhali arasında yayılan xəbərin tutuşdurulması, əhalidən alınan xəbərin doğruluğuna etibar edilmə bilgilərini də öyrəniblər.

Təlimlər çərçivəsində jurnalistlər cəbhənin Tovuz rayonu istiqamətində ön xətdə olub, düşmən mövqelərini müşahidə edib, yerli sakinlərlə görüşüblər.

Uğurla icra olunan layihə çərçivəsində keçirilən təlim hərbi mövzuda yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, hərbi jurnalistlərin yetişdirilməsi baxımından mühüm addımdır.

Layihə rəhbəri Əlsəfa Mehdiyev KİV təmsilçiləri üçün ilk dəfə təşkil olunan təlimlərin ekstremal şəraitdə işləyən jurnalistlərin özlərini qoruması, cəmiyyətə düzgün informasiya çatdırılması baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, layihə çərçivəsində keçilən təlimlər hərbi sahəni işıqlandırmağın hüquqi, təcrübi və psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, hərbi mövzuda yazan media nümayəndələrinin peşəkarlığının artırılmasına yönəlib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Müdafiə Nazirliyinin dəstəyi ilə reallaşan təlimdən əvvəl psixoloji testlərdən keçən hərbi sahədə yazan jurnalistlərin sırasından 40 nəfər təlimlər üçün seçilib. Seçilmiş jurnalistlərə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində seminar-təlim tədris olunub. Jurnalistlər təlim müddətində yemək, yataq, hərbi həkim və s. ləvazimatlarla təmin olunublar.

Layihəyə sentyabrda yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.