REGİONLAR


Hərbi orkestr Şəki festivalının səhnəsində VİDEO

Şəki, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının sonuncu günü, iyulun 1-də günorta saatlarında tamaşaçılara Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Marxal” müalicə-istirahət kompleksinin yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər.

Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestri ilk dəfə 2004-cü il iyunun 21-də Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində, eləcə də respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir. Kollektiv Sərhəd Xidmətinin hərbi qulluqçularının döyüş ruhunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tez-tez hərbi hissələrdə sərhədçilər qarşısında konsertlər verir.

Orkestrin repertuarını müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi təşkil edir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə üstünlük verilir. Nümunəvi-Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb.

Orkestrin bədii rəhbəri və dirijoru kapitan Səməd Vəkilovdur.

Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının müqəddimə hissəsinin ifası ilə başlayıb. Orkestrin ifasında səslənən Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasından, “Arşın mal alan” musiqili komediyasından, Corc Bizenin “Karmen” operasından, Hans Zimmerin “Qladiator” filmindən musiqi parçaları, həmçinin solistlər Tural Ağayev və Fəxri Kazım Nicatın ifasında Müslüm Maqomayevin “Azərbaycan”, “Mavi əbədilik”, David Tuxmanovun “Qələbə günü”, Rauf Hacıyevin “Azərbaycan” və digər bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

İyulun 1-də axşam “Marxal” müalicə-istirahət kompleksinin yay teatrında festivalın təntənəli bağlanış mərasimi olacaq. Mərasimdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı konsert proqramı ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.