REGİONLAR
Hərbi qulluqçular arasında bədii özfəaliyyət müsabiqəsi qaliblərinin qala konserti olub VİDEO
Gəncə, 30 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hərbi qulluqçular arasında bədii özfəaliyyətə baxış müsabiqəsinin qala-konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Qarnizonunun Zabitlər Evində keçirilən tədbirdə hərbi hissələrin əsgərləri iştirak edib.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd mədəniyyətin və incəsənətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının mədəni təşkil olunmasıdır.
Bədii özfəaliyyətə baxış müsabiqəsinə əsasən vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə ansambllar, eləcə də solistlər qatılıb. Beyləqan, Bərdə, Şəmkir və Gəncədə keçirilən seçim turlarında 221 hərbi qulluqçu iştirak edib. Onlardan 25 nəfəri yarımfinal mərhələsinə keçib.
İştirakçıların ifası Xalq Artisti Azərin başda olmaqla, digər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Həmçinin iştirakçıların çıxışına bir sıra saytlar və sosial şəbəkələrdə yerləşdirilən materiallar vasitəsilə qiymət vermək mümkün olub.
Qala-konsertdə finalçılar çıxışlarını təqdim ediblər.
Sonda qaliblərə Müdafiə Nazirliyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.