REGİONLAR


Hərbi qulluqçular və onların ailə üzvləri göstərilən qayğıdan razılıq edirlər

A+ A

Lənkəran, 8 iyul, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanın iqtisadi qüdrəti yüksəldikcə Silahlı Qüvvələrimizin gücü, hərbi qulluqçularımızın peşəkarlığı da artır. Bunu cəbhənin təmas xəttində aprel döyüşləri bir daha təsdiq etdi.

Hərbi qulluqçuların sağlamlığının qorunması, onların sosial problemlərinin həlli və istirahətinin təşkili daim dövlətimizin başçısının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı və maliyyə dəstəyi ilə aprel döyüşlərində düşmənə qarşı mərdliklə vuruşan hərbi qulluqçuların və onların ailə üzvlərinin bir qrupu Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində dincəlir.

Mərkəzin icraçı direktoru Şadil Rəcəbov hərbiçilər və onların ailə üzvlərinin mənalı istirahət etmələri üçün hər cür şəraitin yaradıldığını bildirərək deyib: “İyulun 5-dən “N” saylı hərbi hissənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri istirahət mərkəzində dincəlirlər.

Xəzər dənizi sahilində yaşıllıqların əhatəsində istirahət edən hərbi qulluqçularımız üçün cənub bölgəsinin görməli yerlərinə səyahətlər təşkil edilir, axşamlar isə onlar şou proqramlara baxır, konsertləri dinləyir, viktorinalarda fəal iştirak edirlər”.

Ş.Rəcəbov qeyd edib ki, hərbi qulluqçulara və onların ailə üzvlərinə, həmçinin keyfiyyətli tibbi xidmət göstərilir.

Milli Ordumuzun hərbi qulluqçularına xidmət göstərməkdən istirahət mərkəzinin hər bir işçisinin qürur duyduğunu vurğulayan Ş.Rəcəbov düşmən tapdağı altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə əminliyini bildirib.

İstirahət mərkəzində dincələn hərbi qulluqçular və onların ailə üzvləri də yaradılan şəraitdən razılıqlarını bildiriblər.

“N” saylı hərbi hissənin hərbi qulluqçusu Nihad Məmmədov Milli Ordumuzun aprel döyüşlərində qazandığı uğurlardan söhbət açaraq dedi: “Cəbhənin “Lələtəpə” istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Ordumuz bu istiqamətdə düşmənə sarsıdıcı zərbə endirdi, torpaqlarımızın bir hissəsi azad edildi. Aprel döyüşlərində ermənilər Ordumuzun gücünü gördülər. Qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etməyə hər an hazırdır”.

Ailəliklə - həyat yoldaşı, iki qızı və oğlu ilə “Palıdlı sahil” istirahət mərkəzində dincəldiyini deyən N.Məmmədov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

N.Məmmədovun həyat yoldaşı Nailə Məmmədova söhbətə qoşularaq ailəsi ilə qürur duyduğunu, qardaşı Elmidar Yusiflinin də Nihadla bir hərbi hissədə qulluq etdiyini bildirib, onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını vurğulayıb.

“N” saylı hərbi hissənin hərbi qulluqçusu Hüseyn Hüseynli döyüşləri xatırlayaraq dedi: “Aprel ayında mən də hərbçi yoldaşım Nihadla birlikdə “Lələtəpə” istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Düşmən Azərbaycan əsgərinin gücünü gördü. Ermənilər silah-sursatlarını ataraq qaçırdılar. Düşmən 5 günlük müharibədə canlı qüvvə və texnika sarıdan böyük itkilər verdi. Mən Ordumuzla, Ali Baş Komandanımızla fəxr edirəm. İndi dövlətimizin yüksək diqqət və qayğısı sayəsində mən ailəmlə birlikdə bu gözəl məkanda istirahət edirəm”.

İstirahət mərkəzində onların mənalı dincəlmələri üçün hər cür şəraitin yaradıldığını bildirən H.Hüseynli Milli Ordumuzun aprel döyüşlərində qazandığı uğurları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsi olduğunu diqqətə çatdırıb.

Aprel döyüşlərində şəhid olanlara rəhmət diləyən, hərbi qulluqçularımıza cansağlığı arzulayan H.Hüseynlinin həyat yoldaşı Aliyə Hüseynli ilk dəfə Lənkəranda olduğunu, istirahət mərkəzində xidmətin yüksək səviyyədə təşkil edildiyini bildirib, onların ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, YAP-ın təşkilatçılığı və maliyyə dəstəyi ilə hərbi qulluqçular və onların ailə üzvlərinin Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində yay mövsümündə qrup halında istirahətləri davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.