REGİONLAR
Hərbi təlimdə fərqlənən şagirdlər mükafatlandırılıb
Bərdə, 20 dekabr, AZƏRTAC
Bərdə Rayon Gənclər və İdman İdarəsi və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Ağdam, Bərdə və Tərtər rayonlarından olan yuxarı sinif şagirdlərinin xidmətdə fərqlənən hərbçilərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətində təşkil olunan görüşdə hərbçilərimizin cəbhədə göstərdikləri igidliklərdən söhbət açılıb.
Məktəblilər sonra cəbhə xəttində yerləşən “N” saylı hərbi hissədə praktiki hərbi təlim keçiblər. Ön xətdə xidmət edən əsgərlərin xidmət şəraiti, müasir silah və texnika ilə yaxından tanışlıq şagirdlərin böyük marağına səbəb olub.
Gələcəyin əsgərləri kəşfiyyat dəstələrinin manevrlərini izləyib, yüngül atıcı silahlardan atəş açıblar.
Təlimlərdə fərqlənən şagirdlər mükafatlandırılıb.