CƏMİYYƏT
Hərbi tibb fakültəsinin inkişaf etdirilməsi yolları müzakirə edilib
Bakı, 14 iyun, AZƏRTAC
Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) rəhbərinin elmi işlər üzrə yardımçısı, professor Hayati Bilgiç Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Türkiyəli alim ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə rektor Gəray Gəraybəyli bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı ilə Türkiyə universitetləri arasında möhkəm əlaqələr var və sıx əməkdaşlıq şəraitində işləyirlər. Rektor qeyd edib ki, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Tibb Universitetində hərbi tibb fakültəsi yaradılıb. Fakültənin fəaliyyət göstərdiyi 17 il ərzində 400-dən çox məzunu olub. Hazırda hərbi tibb fakültəsində 480-ə yaxın tələbə təhsil alır. Rektor təhsil sistemi barədə məlumat verərək bildirib ki, artıq 7 ildir fakültədə ikipilləli təhsil sistemi tətbiq edilir.
Professor Hayati Bilgiç görüşdən məmnun qaldığını söyləyib və qardaş ölkədə yeni təhsil ocaqları yaradılmasını müsbət qiymətləndirib.
Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və ATU-nun hərbi tibb fakültəsinin daha da inkişaf etdirilməsi üçün addımlar atılmasına qərar verilib.