CƏMİYYƏT
Hərbi-vətənpərvərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin rolu artırılır
Bakı, 18 noyabr, AZƏRTAC
“Universitet Təhsilli Qadınlar Cəmiyyəti”nin həyata keçirdiyi “Hərbi-vətənpərvərlik tərbiyəsində multimedianın rolunun artırılması” layihəsi çərçivəsində Bakıda “KİV və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi müasir dövrdə” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə təşkil olunan konfransın məqsədi hərbi-vətənpərvərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin (KİV) rolu və vəzifələri, bu istiqamətdə fəaliyyət göstərən dövlət və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının gücləndirilməsi məsələlərini birgə müzakirə etməkdir.
“Universitet Təhsilli Qadınlar Cəmiyyəti”nin sədri Tamam Cəfərova gənclərin milli-mənəvi tərbiyəsi sahəsində dövlət və vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti haqqında ətraflı məlumat verib. T.Cəfərova qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Məruzəçi, həmçinin hərbi-vətənpərvərlik tərbiyəsində KİV-in rolundan danışıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Mübariz Rzayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Muğan Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin və dövlət gənclər siyasətinin tarixindən, gənclərin bu sahədəki fəaliyyətindən, onların Qarabağ müharibəsindəki şücaətlərindən danışıblar.
Sonda “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Muğan Əliyev gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsindəki uğurlu fəaliyyətinə görə fəxri diplomla təltif edilib.