İDMAN
Hərbçilərin VI dünya idman oyunlarında iştirak etmiş azərbaycanlı idmançılar Vətənə qayıdıblar
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 2-dən 12-dək Koreya Respublikasında keçirilən hərbçilərin VI dünya idman oyunlarında iştirak etmiş azərbaycanlı idmançılar Bakıya qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 50 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətini Müdafiə, Gənclər və İdman nazirliklərinin nümayəndələri, idmançıların yaxınları qarşılayıblar.
Dünyanın 120 ölkəsindən 8100 idmançının iştirak etdiyi yarışda ölkəmizin şərəfini qoruyan taekvondoçular, güləşçilər, cüdoçular və boksçular 12 medal qazanaraq ümumi komanda hesabında 15-ci yeri tutublar.
Mərkəzi Ordu İdman Klubunun rəhbəri Rəşad Quliyev göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq edib. O, həmçinin müdafiə naziri Zakir Həsənova təşəkkürünü bildirib.
R.Quliyev qeyd edib ki, yarışların elə ilk günündə cüdoçularımız komanda hesabında birinci üçlüyə daxil olublar. Digər idmançılarımız da turnir boyu qələbə uğrunda fədakarlıqla mübarizə aparıblar. Nəticədə 2 qızıl, 4 gümüş, 6 bürünc medal əldə edilib. R.Quliyev məlumat verib ki, rəqiblərin sırasında Rusiya, Braziliya və İrandan ən güclü idmançıların olmasına baxmayaraq, təmsilçilərimiz belə irimiqyaslı beynəlxalq yarışda layiqincə çıxış ediblər.
Mərkəzi Ordu İdman Klubunun cüdo üzrə baş məşqçisi Rauf Vəliyev qeyd edib ki, milli yığmamız idmanın müvafiq növü üzrə qızıl medal əldə etməsə də, idmançımız Vüqar Şirinli (60 kq) qabırğasının qırılmasına baxmayaraq, əsl igidlik nümunəsi göstərərək finala yüksəlib.
Məşqçi sonda dedi: “Ümumiyyətlə, azərbaycanlı idmançılar etimadı doğruldublar. Səhvlər mütləq nəzərə alınacaq, yeni yarışlara hazırlıq isə daha güclü olacaq”.