ELM VƏ TƏHSİL
Hərəkət edən yükün kritik sürəti ilə bağlı indiyədək tədqiqatlar aparılmayıb
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda geomexanika üzrə növbəti seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda “Elastiki mühitlə əhatə olunan boş silindrin daxilinə təsir göstərərək hərəkət edən yükün dinamikasının və rəqsinin bəzi problemləri” mövzusunda müzakirələr aparılıb.
AMEA-nın müxbir üzvü Surxay Əkbərov məruzəsində bildirib ki, müasir yüksək sürətli metro qatarlarının və yeraltı hərəkət edən digər təkərli nəqliyyat vasitələrinin inkişafı və uğurlu tətbiqi müvafiq dinamik məsələlərin fundamental tədqiqini tələb edir. Hərəkət edən yükün tədqiqində əsas məsələ bu yükün kritik sürətinin müəyyənləşməsi ilə əlaqədardır.
Alim ətraf elastik mühit və boş silindrdən ibarət olan bimetallik maddi elastik sistemlərlə bağlı bir çox tədqiqatların olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bununla yanaşı, elastiki mühitlə əhatə olunan boş silindrə təsir göstərərək rəqs edən yükün kritik sürəti ilə bağlı indiyədək tədqiqatlar aparılmayıb.
Müzakirələr zamanı bildirilib ki, əldə edilən ədədi nəticələrə görə hərəkət edən yükün rəqsi zamanı parametrik rezonans meydana gələ bilər və onu hərəkət edən yükün sürəti kimi götürmək olar. Bundan başqa, müəyyənləşdirilib ki, hərəkət edən yükün rəqsi kritik sürətin qiymətlərini xeyli azalda bilər.
Seminarda tədqiqat işlərinin nəticələri müzakirə olunub.