İQTİSADİYYAT


Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncədə yerləşən “Smena” kinoteatrı olub

Bakı, 18 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir çağırışları nəzərə alaraq, yeni yanaşmaların tətbiqini genişləndirir. Komitə özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün mühüm işlərə imza atır. İnnovativ idarəetmə üsulunun tətbiq edildiyi vacib sahələrdən biri də komitə tərəfindən təşkil olunan açıq və şəffaf hərraclardır. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən növbəti belə hərrac iyulun 18-də keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 7 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Özəlləşdirmə və hərraclarla bağlı aparılan geniş təbliğat işləri prosesə olan marağı daha da artırıb. Əhali arasında aparılan maarifləndirmə işləri artıq öz nəticəsini verməkdədir. Belə ki, budəfəki hərrac da rəqabətli şəkildə keçib. Hərrac zamanı Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə sahib olmaq üçün bir neçə şəxs arasında rəqabət yaranıb. İnvestorlar üçün yaradılan rahat, şəffaf şərait rəqabəti daha da artırır.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən “Smena” kinoteatrı olub. Həmin əmlakın torpaq sahəsi 604 kvadratmetr, ümumi faydalı sahəsi isə 519 kvadratmetr təşkil edir.

Qeyd edək ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncə və Ağdaşda yerləşir.

Bakı üzrə hərracda özəlləşdirilmiş 7 istifadəsiz qeyri-yaşayış sahəsinin 2-si Yasamalda, 2-si Xətaidə digərləri isə müvafiq olaraq Nizami, Suraxanı və Nəsimi rayonlarında yerləşir. Özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsinin biri də Gəncə şəhərindədir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 137 kvadratmetrdir. Budəfəki hərracda özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 17 kvadratmetrdən 71 kvadratmetr arasında dəyişib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitəsinə isə müvafiq olaraq ən son 5200 və 3500 manat təklif edilib.

Keçirilən hərracların nəticələri ilə linkindən istifadə etməklə tanış olmaq mümkündür.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən, hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayətdir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Portaldan istifadə edənlərin sayı 700 mindən artıqdır.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı, regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Elektron hərracın tətbiqi də özəlləşdirmənin daha da sürətlənməsinə imkan verir. Elektron hərracın istifadəyə verilməsi yerli və xarici investorların işini rahatlaşdırmaqla prosesə olan marağı artırır. Bununla ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər.

Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.

ƏMDK qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Məqsəd dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.