CƏMİYYƏT


Hesabat: Keçən il 1032 cinayətkar qrup zərərsizləşdirilib

Bakı, 27 yanvar, AZƏRTAC

Ötən il mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2755 cinayət törətmiş 1032 qrup zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında nazir, general-polkovnik Ramil Usubov deyib.

Ramil Usubov qeyd edib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 47 min manat, 10 min ABŞ dolları və 9 min 500 avro olan 931 ədəd müxtəlif nominalda saxta əsginas, habelə istifadə müddəti ötmüş 35 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Bununla yanaşı, valyuta qanunvericiliyinin tələblərini pozmaqla, ümumilikdə, 195650 ABŞ dolları və 30000 avro satan 7 şəxs saxlanılıb. Toplanmış materiallar aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib, daha 262 şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

Dini ekstremizmə qarşı mübarizə tədbirləri də davam etdirilərək əsas diqqət dini radikalizmin və dini fanatizmin təbliğatını aparan, vətəndaşları ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edən şəxslərin müəyyənləşdirilməsinə yönəlib. Bu cür əməllərə görə 35 şəxs cinayət, 223 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlardan 4 avtomat, 4 tapança, 34 əl qumbarası, 7 kiloqram partlayıcı maddə, çoxlu sayda döyüş sursatı, minlərlə qanunsuz dini ədəbiyyat, elektron daşıyıcılar və s. aşkarlanaraq götürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.