İQTİSADİYYAT
Hesabat: Ötən il Suraxanı rayonunda 4600-dən çox yeni daimi iş yeri açılıb
Bakı, 20 fevral, AZƏRTAC
Suraxanı rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Parkında həmişəyaşıl ağaclar əkilib. Bununla da rayonda ağacəkmə kampaniyasına start verilib. İlk olaraq Əmircan qəsəbəsindəki Balandin küçəsində 500 ağac əkilib.
Hesabat yığıncağında rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film nümayiş olunub. İcra hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, 2016-cı il ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 257,2 milyon manat, tikinti-quraşdırma işləri 60,5 milyon manat, nəqliyyat xidmətləri 5,1 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 36,8 milyon manat, kənd təsərrüfatı 3,6 milyon manat, pərakəndə ticarət dövriyyəsi 391,8 milyon manat təşkil edib. Orta aylıq əməkhaqqı 555,2 manat olub, əhaliyə 196,7 milyon manat məbləğində ödənişli xidmətlər göstərilib, 4619 yeni daimi iş yeri açılıb.
2014-2016-cı illər ərzində rayonda müxtəlif sahələrə aid 21 obyekt istifadəyə verilib, 8 obyekt əsaslı təmir olunub, 5 obyektin tikintisi davam etdirilib, 3 obyekt yenidən qurulub, 1 obyektin təməli qoyulub, 2 obyekt cari təmir olunub, 2 obyektdə isə cari təmir işləri davam etdirilir.
Dövlət Proqramının icrası nəticəsində 1 tam orta məktəb üçün yeni bina, 3 orta məktəb üçün əlavə tədris korpusu, 2 orta məktəb üçün idman və akt zalları, 1 orta məktəb üçün yeməkxana tikilib, 5 tam orta məktəb, 3 uşaq bağçası əsaslı təmir olunub. Rayonda ekoloji problemlərin həlli istiqamətində xeyli işlər görülüb. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2014-cü il noyabr ayının 5-dən başlayan I Ümumrespublika Yaşıllaşdırma marafonu çərçivəsində 13980 ağac əkilib, Zığ və Bülbülə göllərinin təmizlənməsi tədbirləri davam etdirilib.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında 15 fevral–15 may tarixlərdə 172,8 min rayon sakini və 139 kollektiv, yəni nəzərdə tutulanların 86,2 faizi pulsuz tibbi müayinədən keçib.
Ötən dövr ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılıb.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılıb. 2016-cı il ərzində rayonun aidiyyəti idarələri tərəfindən 2213 ailəyə ünvanlı sosial yardım, 2653 ailəyə sosial müavinət təyin edilib, Rayon Məşğulluq Mərkəzi 1078 nəfəri işlə təmin olunub.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edib.
Yekunda icra hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət proqramlarında müəyyən olunmuş iqtisadi inkişaf hədəflərinin təmin edilməsi, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərlərinə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklər.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.
Hesabat yığıncağında Milli Məclisin deputatları Ağacan Abıyev və Sevinc Fətəliyeva iştirak ediblər.