İQTİSADİYYAT
Hesablama Palatası 2016-2019-cu illər üzrə ECOSAI-nin idarə heyətinə üzv seçilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Adil Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Birliyinin (ECOSAI) Ankarada keçirilən VII assambleyası və simpoziumunda iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, assambleyada Azərbaycan Respublikasının Hesablama Palatası növbəti üç il müddətinə - 2016-2019-cu illər üzrə ECOSAI-nin idarə heyətinə üzv seçilib.
Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyid Əhməd Baş tədbirə qatılan nümayəndə heyətlərinin ECOSAI-nin gələcək fəaliyyətinin gücləndirilməsi istiqamətində toplantıda fəal iştirak etmələrini arzulayıb.
Tədbirin gedişatında ECOSAI-nin illik maliyyə və fəaliyyət hesabatları dinlənilib, ECOSAI jurnalının nəşri, 2016-2021-ci illər üzrə strateji planı, təşkilata üzv ali audit qurumları arasında əməkdaşlıq sazişlərinin imzalanması və birgə auditlərin keçirilməsi, habelə ECOSAI-nin Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) regional təşkilatı olması istiqamətində gələcək fəaliyyətlərin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Hesablama Palatasının nümayəndə heyətinin rəhbəri Adil Məhərrəmov ECOSAI katibliyi tərəfindən bu günədək görülmüş işlərin, keçirilmiş tədbirlərin və təlimlərin önəmliliyini vurğulayıb, ECOSAI-nin 2016-2021-ci illər üzrə yeni strateji planı ilə bağlı təklifləri söyləyib, eyni zamanda üzv ali audit qurumları arasında ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinin gücləndirilməsi məsələlərinə toxunub.
Bundan əlavə, Hesablama Palatasının nümayəndə heyəti ECOSAI-nin 2013-2015-ci illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı hesabatı təqdim edərək audit komitəsində üzvlüyündən irəli gələn yekun vəzifəsini yerinə yetirib.