İQTİSADİYYAT


Hesablama Palatası Lənkəran şəhər Təhsil Şöbəsində həyata keçirilmiş auditin nəticələrini açıqlayıb

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə Lənkəran şəhər Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, audit olunan dövrdə şöbə tərəfindən ümumilikdə 50865,9 min manat məbləğində vəsait icra edilib, 2013-2015-ci illər üzrə ayrılmış vəsaitlərin icra səviyyəsi müvafiq olaraq 95,1 faiz, 95,7 faiz və 93,9 faiz təşkil edib.

Lənkəran şəhər Təhsil Şöbəsi 87 ümumtəhsil məktəbini, 29388 şagird və 4020 müəllim kontingentini əhatə edir, ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq 16,7 nəfərdir.

Auditin əhatə etdiyi son tam dərs ilində (2014-2015) rayon üzrə təhsilini (tam orta) başa vurmuş 1735 şagirdin 97,9 faizi attestat alsa da, onlardan yalnız 51,3 faizi qəbul imtahanlarında iştirak edib, bu imtahanların nəticələrinə görə rayon üzrə 360 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarının nəticələrinə görə rayon abituriyentlərinin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricidən aşağı olub.

Müəyyən edilib ki, şöbənin tabeliyində olan ümumtəhsil məktəblərində əsasən Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, informatika, fiziki tərbiyə və ingilis dili fənləri üzrə ümumilikdə 467 saat vakant dərs olub, ixtisaslı kadr çatışmazlığı səbəbindən həmin saatlar yaxın ixtisaslı pedaqoji kadrlar və saathesabı üzrə qonşu məktəblərdən olan müəllimlər tərəfindən tədris edilib və nəticə göstəricilərinə təsir edib. Belə ki, 12 məktəb üzrə ali məktəblərə qəbul olan olmayıb, 2 kənd məktəbi üzrə qəbul imtahanı üçün sənəd verilməyib, 2 kənd məktəbi üzrə isə qəbul imtahanlarından toplanmış orta bal 100 baldan aşağı olub.

Əməkhaqlarının ödənilməsi ilə bağlı araşdırma nəticəsində müəyyən edilib ki, şöbə tərəfindən mövcud təlimat və qaydaların tələblərinə düzgün əməl edilməyərək tədris-təcrübə sahəsinə rəhbərlik, kabinə müdirliyi, emalatxanaya rəhbərlik üçün əlavə haqq, şagird sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatları, həmçinin şagirdlərin sıxlığının gözlənilməməsi və az komplektli ibtidai siniflərdə komplektləşmə aparılmaması nəticəsində paralel və artıq saxlanılmış sinif komplektləri üçün artıq əmək haqqı ödənilib. Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əməkhaqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əməkhaqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

Şöbə tərəfindən bəzi hallarda funksional fəaliyyətə aid olmayan tədbirlərə vəsait yönəldilməklə səmərəsiz xərclərə yol verilib. Təhsil şöbəsi tərəfindən auditin əhatə etdiyi dövrdə keçirilmiş ümumilikdə 48 satınalma prosedurunun araşdırılması ilə alınmış malların (işlərin və xidmətlərin) qiymətinin orta bazar qiymətindən və respublikanın digər rayon (şəhər) təhsil şöbələri üzrə eyni növ malların alış qiymətindən fərqli olduğu, satınalmalar zamanı əksər hallarda yeni yaranmış, müvafiq sahədə təcrübəsi olmayan, nizamnamə kapitalı çox az olan, bir sıra hallarda isə dövriyyəsi olmayan müəssisələrin qalib elan edildiyi müəyyən olunub.

Bununla yanaşı, əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi zamanı tərtib edilmiş zəruri sənədlərdə müəyyən uyğunsuzluqlara yol verilməsi, işlərin dəyərinin mövcud qanunvericiliyin tələbləri tam gözlənilməməklə müəyyən edilməsi səbəbindən artıq vəsait xərclənib.

Mühasibat uçotunun təşkili və aparılmasının mövcud normativ aktlara uyğun olmadığı, əvəzsiz qaydada verilmiş müxtəlif inventar və avadanlıqların mərkəzi mühasibatlıq tərəfindən uçota alınmadığı, əsaslı təmir xərcinin binaların balans dəyərinə əlavə edilmədən birbaşa xərcə silindiyi, Lənkəran şəhər ümumtəhsil məktəblərinə Təhsil Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş kompyuterlərdən tədris prosesində tam istifadə edilmədiyi qeyd olunub.

Hesablama Palatasının kollegiyası Lənkəran şəhər Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Lənkəran şəhər Təhsil Şöbəsinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə Təhsil Nazirliyinə məlumat verilib.

Məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.