İQTİSADİYYAT
Hesablama Palatası dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsinə rəy verib
Bakı, 22 iyun, AZƏRTAC
Hesablama Palatasının kollegiya iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya üzvləri rəy barədə fikir və təkliflərini bildirib, Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı qərar qəbul olunub.
İclasda dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı təhlilin nəticələrinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar da müzakirə olunub.
Kollegiyaya dəvət olunmuş Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Rüfət Həsənov və mühasibat uçotu sektorunun müdiri Əkrəm Hətəmov kollegiya üzvlərinin suallarını cavablandırıb.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.
Kollegiya iclasında Hesablama Palatasının icmal-analitik şöbəsinin sektor müdiri Zaur Vəliyev MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları şurasının Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun Astanada keçirilən X iclasında iştirakı barədə məruzə edib.