İQTİSADİYYAT
Hesablama Palatası gələn il INTOSAI-nin III toplantısına ev sahibliyi edəcək
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Hesablama Palatası 2017-ci ilin iyununda INTOSAI-nin (Ali Audit Qurumların Beynəlxalq Təşkilatı) dövlət satınalma müqavilələrinin auditi üzrə xüsusi qrupunun III toplantısına ev sahibliyi edəcək.
Palatadan AZƏRTAC-a bildiriblər ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Dünya Bankının satınalma üzrə aparıcı mütəxəssisi və Cənubi Qafqaz regionunda satınalma məsələləri üzrə ölkə heyətinin rəhbəri Məcid M.El-Bayyanın başçılığı etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.
Satınalma heyətinin Bakıya səfərinin məqsədi satınalma sahəsində aparılan islahatlar və potensialın gücləndirilməsi ilə bağlı siyasət dialoqunun davam etdirilməsi, dövlət satınalmaları haqqında təklif olunan yeni qanun layihəsi ilə bağlı Dünya Bankına rəylərin təqdim olunması və müzakirəsi, ölkədə satınalma mühitinin təkmilləşdirilməsi yönündə mümkün addımlara dair tövsiyələrin verilməsi və bankın maliyyələşdirdiyi fəaliyyətlər çərçivəsində layihə icra qrupları üçün satınalma və müqavilələrin idarə olunması ilə bağlı birgünlük sual-cavab seminarının təşkilidir.
Görüş zamanı Hesablama Palatasının Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində görülmüş işlər və bu istiqamətdə potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.
Hesablama Palatasının sədri Dünya Bankının layihələrinin auditi, o cümlədən Hesablama Palatasının bankın satınalma proseduraları üzrə keçirilən auditləri ilə bağlı təcrübəsi barədə məlumat verib.
Həmçinin V.Gülməmmədov nümayəndə heyətini palatanın üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində bu istiqamət üzrə fəaliyyətin genişləndirilməsi və palatanın INTOSAI-nin (Ali Audit Qurumların Beynəlxalq Təşkilatı) dövlət satınalma müqavilələrinin auditi üzrə xüsusi qrupuna üzv olması və cari ilin iyun ayında bu qrupun III toplantısına ev sahibliyi etməsi barədə məlumatlandırıb.
Sonda hər iki tərəf Dünya Bankı ilə Hesablama Palatası arasında kənar dövlət auditinin gücləndirilməsinin zərurəti zəminində yaranmış əməkdaşlıq səviyyəsindən razılığını bildirib və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.